Bahar Muradova

Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.

1993–1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.

1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavini olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin II (2000), III (2005), IV (2010), V (2015) çağırış deputatı seçilib.

2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur.

12 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edib.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir, bir qızı var.

SHARE ON THE PLATFORM: