Dayanıqlı İnkişafa dair Bakı Forumu sessiyalarla davam edib

Məlumat verildiyi kimi, oktyabrın 25-26-da Dayanıqlı İnkişafa dair Bakı Forumu keçirilir.

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Forumda Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti, özəl sektorun və KİV təmsilçiləri iştirak edir.

Forum bu gün işini müxtəlif mövzularda sessiyalarla davam etdirir.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu” sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında parlament, vətəndaş cəmiyyəti, elmi təşkilatlar, özəl sektor, gənclər və digər sosial qrupların rolunun artırılmasına dair interaktiv müzakirələr aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə keçirilən sessiyada Belarus Respublikasının Parlament sədrinin müavini Marianna Şyotkina Belarusda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq istiqamətində həyata keçirilən institusional və digər tədbirlər barədə təcrübəni bölüşüb, Forumun DİM-ə nail olunması istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün vacib platforma olduğunu vurğulayıb. 

Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Bahar Muradova DİM-ə nail olunması üçün Azərbaycanın bir sıra uğurlar əldə etdiyini, Foruma ev sahibliyi etməklə ölkəmizin bu hədəflərin reallaşdırılmasına böyük önəm verdiyini vurğulayıb, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Tahir Mirkişili, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova mövzuya dair fikirlərini bildirib, iqtisadiyyat, gənclər və idman sahələrində həyata keçirilən tədbirlər, bu sahələr üzrə istiqamətlərdə DİM-lərin icrası barədə danışıblar.

 “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT-nin İnkişaf Proqramının Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək Missiyasının rolu” sessiyasında DİM-nin uğurlu icrası istiqamətində görülən işlər, BMT-nin İnkişaf Proqramının Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək Missiyasının rolu, DİM-lərin icrasına dəstək üçün təqdim olunan “İnteqrasiya, Sürətləndirmə və Siyasət Dəstəyi” (MAPS) platformasına dair müzakirələr aparılıb. BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenskinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, milli statistika sisteminin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin DİM-nin icrasının monitorinqi və qiymətləndirilməsində də faydalı olacağını vurğulayıb.

Belarus Respublikasının Xarici İşlər Nazirliyinin Çoxtərəfli Diplomatiya Baş İdarəsinin direktoru Larisa Belskaya DİM-nə nail olunması üçün ölkəsinin təcrübəsini bölüşüb,  Azərbaycanda DİM-nə dair 17 gənc səfirin seçilməsi təcrübəsinin Belarusda da tətbiq oluna biləcəyini qeyd edib.

Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisa və BMT-nin İnkişaf Proqramının Avropa və MDB üçün Regional Bürosunun baş məsləhətçisi Ben Slayın mövzu ilə bağlı təqdimatları, FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmakın, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin çıxışları dinlənilib.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Bakı Forumunun “2030-ci ilədək dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri  təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq” mövzusunda sessiyası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Elmira Süleymanovanın moderatorluğu ilə keçirilib. Sessiyada BMT-nin Hüquq, Təhlükəsizlik və Təşkilatlar üzrə Baş katibinin müavini Aleksandr Zuevin, Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Şeref Malkoçun, Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisanın, Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Askar Şakirovun, millət vəkili Elman Nəsirovun, Xarici İşlər Nazirliyinin Humanitar siyasət idarəsinin rəisi Əlimirzamin Əsgərovun mövzu ilə bağlı çıxışları dinlənilib, sülhpərvər cəmiyyətlərin, ayrıseçkiliyə yolverməyən qanunların təşviq və tətbiq edilməsinə dair fikir mübadiləsi aparılıb.

“Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda təşkil olunmuş sessiyada DİM-in həyata keçirilməsində iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması, iqlimlə bağlı hədəflərin milli siyasətlərə və strategiyalara uyğunlaşdırılması sahəsində müsbət təcrübə, təmiz suyun səmərəli idarə olunmasının DİM-ə nail olunmasında rolu, ətraf mühitin qorunması kimi məsələlər müzakirə olunub. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin moderatorluğu ilə keçirilən ssesiyada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, BMT-nin məsləhətçisi Katja Şefir, Cenevrə Universitetinin professoru, Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, “Azərsu” ASC-nin Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Fərda İmanov çıxış və təqdimatlarında təmiz su və ətraf mühitin qorunmasına dair DİM-in önəmini diqqətə çatdırıb, ətraf mühitin qorunması, təbii sərvətlərdən və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, təmiz su və digər məsələlərə dair fikirlərini bölüşüblər.

Dayanıqlı İnkişafa dair Bakı Forumu başa çatıb və tədbirin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib.

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai yekun nitqlərində 2030-cu ilədək DİM-ə nail olunmasının önəmini, bu sahədə regional tərəfdaşlığın gücləndirilməsinin və qlobal əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bir daha vurğulayıb, Dayanıqlı İnkişafa dair Bakı Forumunun bu sahədə müzakirələrin aparılması, fikir və təcrübə mübadiləsi baxımdan önəmli platformalardan olduğunu diqqətə çatdırıblar.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...

    Card image cap
    14 Iyun 2023

    “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinc ...