Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib

Aprelin 18-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərliyi ilə Şuranın 14-cü iclası keçirilib.

İclasda cari il martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü ilə bağlı hazırlanmış layihə müzakirə olunub.

İclasda çıxış edən Şuranın sədri Əli Əhmədov ötən dövrdə ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işlər barədə məlumat verib. Şura sədri Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqənin mövcud olduğunu, mina təhlükəsi ilə mübarizənin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinin 12-si ilə birbaşa, digər 5 məqsədlə dolayısı ilə uzlaşdığını bildirib. Əli Əhmədov Azərbaycanın mina və digər partlayıcı sursatlardan ən çox çirklənmiş ölkələrdən biri olduğunu, ilkin tədqiqatlara əsasən, ölkəmizin ərazisinin 8235 kvadratkilometrdən çox hissəsinin mina və digər partlayıcı sursatlarla çirkləndiyini diqqətə çatdırıb. Ölkəmizin üzləşdiyi bu problemdən bu gün dünyanın 60-dan artıq ölkəsinin əziyyət çəkdiyi nəzərə alınaraq, bu istiqamətdə həm yerli səviyyədə, həm də qlobal miqyasda təşviqat işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə üzrə həyata keçirilmiş fəaliyyətlər və qarşıdakı hədəflər barədə məlumat verib. Agentliyin rəhbəri bu istiqamətdə fəaliyyətin səmərəliliyinin təşkil olunması məqsədilə ANAMA-nın kadr və texnoloji potensialının dörd dəfədən çox artırıldığını qeyd edib.

Sonra İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Şuranın katibi Hüseyn Hüseynov tərəfindən Milliləşdirilmiş “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) əlavə edilməsi nəzərdə tutulan 18-ci DİM (minatəmizləmə ilə bağlı fəaliyyətlər) layihəsinin təqdimatı” edilib. O, həmin tapşırığın icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 5 hədəf və 14 göstəricidən ibarət milli 18-ci DİM layihəsinin hazırlandığını, habelə 2023-cü il üzrə DİM-lərin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planına Minatəmizləmə ilə bağlı fəaliyyətləri özündə ehtiva edən 18-ci Dayanıqlı İnkişaf Məqsədinin milli və qlobal səviyyədə təşviqi ilə bağlı iki tədbirin daxil edildiyini bildirib.

İclasın yekununda Milliləşdirilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə edilməsi nəzərdə tutulan 18-ci DİM layihəsi müzakirə edilib. Layihə üzrə müəyyənləşdirilmiş 14 göstəricinin metodologiyasının hazırlanması və göstəricilərinin hesablanması, o cümlədən ölkədaxili və qlobal səviyyədə təşviqatın aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    8 May 2024

    4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...