Məlumat verildiyi kimi, sentyabrın 13-17-də Bakıda “Xəzər dənizi regionunda Dayanıqlı İnkişaf üzrə Beynəlxalq İşçi Qrup”un ilk iclası keçirilib. Tədbirdə dünyanın 15 ölkəsindən 50-dən çox alim iştirak edib.
İclas çərçivəsində Azərbaycan və xarici ölkələrdən olan elm adamları Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyində olublar. Katiblikdə keçirilmiş görüşdə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında qlobal əməkdaşlıq, bu sahədə elmi-tədqiqatların rolu, həmçinin ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya və bu istiqamətdə görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov iqtisadiyyatın dayanıqlı və dinamik inkişafının elmi-tədqiqatların səmərəliliyindən birbaşa asılı olduğunu vurğulayaraq, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elmin aparıcı rolu, ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə qoşulması barədə danışıb. Vurğulanıb ki, Azərbaycan ötən illər ərzində Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib və hazırda bu təşəbbüs üzrə vəzifələrinin icrasını uğurla davam etdirir.
Görüşdə iştirak edən elm adamları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması üçün görülən işləri yüksək qiymətləndirib, bu sahədə görülən işlərə töhfə verməyə hazır olduqlarını vurğulayıblar.
Məlumat üçün qeyd edək ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin funksiyalarını İqtisadiyyat Nazirliyi həyata keçirir.