Aprelin 19-də Bakı Biznes Mərkəzində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək məqsədilə Respublika İnnovasiya Müsabiqəsinin keçirilməsi və bu istiqamətdə Müsabiqənin təşkili ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib. Artıq 3-cü ildir ki, keçirilən Respublika İnnovaiya Müsabiqəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, Ernest & Younge şirkətinin Azərbaycan filialı və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilir.
Qiymətləndirmə Komissiyasının sədri, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ölkədə innovativ inkişafın təmin edilməsi və innovasiya ekosisteminin qurulması istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini, innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnnovasiya Strategiyasının layihəsinin hazırlandığını və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən müəyyən edilmiş meyarlara cavab verən startaplara İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi də bu istiqamətdə atılmış addımdır.
Nazir müavini BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və Strateji Yol Xəritələrinin icrasına dəstək məqsədi ilə təşkil olunan innovasiya müsabiqələrinın ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbir olduğunu vurğulayıb.
İclasda 3-cü Respublika İnnovasiya Müsabiqəsinə qəbul ediləcək layihələrin meyarları, layihələrin dəstəklənməsi və digər həvəsləndirici tədbirlər haqqında məlumat verilib. Bildirlib ki, müsabiqə çərçivəsində 2019-cu il üçün qalib elan olacaq 2 komanda Estoniyada keçiriləcək “STARTUP Day” proqramına, seçilən daha 3 layihə isə 4 aylıq intensiv proqrama cəlb olunacaq. Bundan başqa, fərqlənən 1 və ya 2 layihə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nda iştirak etmək hüququ qazanacaqdır. Eyni zamanda, müsabiqəsinin qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiya Agentliyinin “Fast Track Azərbaycan” proqramına dəvət və Data Mərkəzinin “Cloud4Start” mükafatını (3000 manat) qazanacaqdır.
İclasda 3-cü müsabiqəyə təqdim olunacaq innovativ layihə istiqamətləri təsdiq olunub.
3-cü Respublika İnnovasiya Müsabiqəsinin bu ilin mayında elan edilməsi nəzərdə tutulur. Respublika İnnovasiya Müsabiqəsi üçün layihələrin qəbulu iyul ayınadək davam edəcəkdir.