Nyu-Yorkda “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” ilə bağlı yüksək səviyyəli “dəyirmi masa” keçirilib

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində oktyabrın 3-də Nyu-Yorkda BMT-nin Baş Qərargahında “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi tərəfdaşlıq vasitəsilə dəyişikliyin katalizatoru kimi” mövzusunda yüksək səviyyəli “dəyirmi masa” təşkil edilib.

Tədbirin Belarus Respublikası və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (DESA) tərəfindən hazırlanmış konsepsiya üzrə “dəyirmi masa” çərçivəsində dayanıqlı inkişafın təmin edilməsi prosesində ölkələrin üzləşdiyi çətinliklər, daha yaxşı nəticələrin əldə edilməsi üçün zəruri olan yeni yanaşmalar, yeni yanaşmalar və vasitələrin uyğunlaşdırılması kimi məsələlər müzakirə olunub.

Tədbiri giriş sözü ilə BMT-nin baş katibinin iqtisadi inkişaf üzrə köməkçisi və baş iqtisadçı Elliot Harris açıb. Daha sonra Belarus Respublikasının xarici işlər naziri Vladimir Makei və Rusiya Federasiyasının BMT yanında daimi nümayəndəsi Vasiliy Nebenzia çıxış edərək öz ölkələrində bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumatlar veriblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransda çıxış edərək Azərbaycanda qadınların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini sahəsində görülən işlər, əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Ölkəmizdə qadınların fəallığının və potensialının artırılması üçün davamlı olaraq milli qanunvericilik sistemində islahatların aparıldığını bildirən Hicran Hüseynova deyib: “Azərbaycanda mütəmadi olaraq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclasları keçirilir, Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsi və sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının DİM-lərlə uyğunlaşdırması prosesi davam etdirilir. BMT-nin fəaliyyət planına uyğun olaraq Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirmə prosesi üçün müxtəlif qruplarla görüşlər, simpoziumlar, konfranslar keçirilir, bir sıra digər tədbirlər təşkil olunur. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) təşkilatçılığı ilə Yüksək Səviyyəli Forum üçün 2017-ci il üzrə Könüllü Milli Hesabatların hazırlanması prosesinə dəstək göstərilməsinə dair 44 ölkə və BMT-nin müxtəlif qurumlarının iştirakı ilə konfrans keçirilib və Azərbaycan tərəfi həmsədrlərdən biri olub. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının və BMT-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu”, “Dayanıqlı İnkişaf Məqsədləri: Təhsil dünyanı dəyişə bilər”, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu”, “Dayanıqlı İnkişaf Məqsədləri: Qadın və İnkişaf” mövzusunda tədbirlər keçirilib. 2030-cu il Gündəliyinin uğurlu icrası, ictimai maarifləndirmənin aparılması və milli, regional və yerli maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti, biznes sektoru və kütləvi informasiya vasitələrinin səfərbər edilməsi məqsədilə Azərbaycan Hökuməti və BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən 2017-2018-ci illəri əhatə edən Azərbaycan üçün DİM-lər üzrə Kampaniya Strategiyası hazırlanıb”.

Komitə sədri bu sahədə həyata keçirilən vacib tədbirləri də xüsusi qeyd edib. Bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək məqsədilə BMTİP İqtisadiyyat Nazirliyi (DİMƏŞ Katiblik) ilə “Azərbaycan Hökumətinə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək” mövzusunda layihə həyata keçirir.

Hicran Hüseynova cari il oktyabrın 25-26-da Bakıda keçiriləcək Dayanıqlı İnkişaf üzrə Bakı Beynəlxalq Humanitar Forumu barədə ətraflı məlumat verib, DİM-lərə cavabdeh olan yüksək səviyyəli şəxsləri və beynəlxalq ekspertləri bu Foruma dəvət edib.

“Dəyirmi masa”da BMT baş katibinin birinci müavini Əmina Məhəmməd, BMT baş katibinin müavini və DESA-nın rəhbəri Liu Jenmin, BMT İnkişaf Proqramının rəhbəri Akim Stayner və professor Ceffri Saksin çıxış ediblər.

İclasda, eyni zamanda, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qadınların iqtisadi imkanlarının genişləndirilməsi və gender bərabərliyinin təmin edilməsi ilə bağlı müxtəlif ölkələrdə həyata keçirilən siyasət barədə müzakirələr aparılıb.

10 Oktyabr 2018

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ: