Noyabr ayının 22-də İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə təşkil olunan Respublika İnnovasiya Müsabiqəsinin yekunlarına dair qiymətləndirmə komissiyasının iclası keçirilib.
BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə təşkil olunmuş İnnovasiya Müsabiqəsi ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir. Müsabiqəyə İqtisadiyyat Nazirliyi və “ASAN xidmət”in “İdeya Bankı” vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 220-yə yaxın layihə təqdim olunub.
Bununla yanaşı qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi və İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə innovasiya müsabiqələrinin və startapların təşkil olunmasında təcrübəyə malik Sosial İnnovasiya Laboratoriyası (SİL) ilə əməkdaşlığa başlanılmışdır. Əməkdaşlıq çərçivəsində SİL dəstəyi ilə 24 layihə üçün 9 modul üzərindən 2 intensiv kamp (düşərgə) və bunun davamı olaraq seçilmiş ideyalar üçün pre-aksellerasiya mərhələsi təşkil olunmuşdur. Eyni zamanda, qeyd edək ki, Müsabiqənin qalibləri 1-ci yer üçün 5000 man, 2-ci yer üçün 3000 manat və 3-cü yer üçün 2000 manat mükafat alacaqlar.
Bundan əlavə, 1-ci yerin qalibi dünyanın qabaqcıl investorları və ekspertlərinin iştirak edəcəyi “Istanbul Innovation Days 2018” beynəlxalq proqramında ölkəmizi təmsil etməyə ezam olunacaqdır.
Tədbiri giriş nitqi ilə açan iqtisadiyyat nazirinin müavini xanım Sevinc Həsənova belə tədbirlərin keçirilməsinin innovasiya subyektlərinin fəaliyyətlərinin stimullaşdırılması və səmərəliliyinin artırılması, innovasiya infrastrukturu çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri şəraitin yaradılması, müvafiq infrastrukturun inkişafına dəstək olacaq elmi-tədqiqat bazasının təkmilləşdirilməsi və innovasiya fəaliyyətinin kadr potensialının inkişafı baxımından müstəsna əhəmiyyətə malik olduğunu vurğulamışdır. Eyni zamanda, nazir müavini texnologiyaların yenilənməsi və innovasiyalar vasitəsilə, iqtisadi şaxələndirmə, o cümlədən yüksək əlavə dəyər yaradan, habelə çox əmək sərf olunan sahələrə diqqət yetirməklə iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə çatmasına nail olmağın mümkünlüyünü diqqətə çatdırmışdır.
Daha sonra tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin müavini cənab Alessandro Frakassetti innovasiyaların əhəmiyyəti barədə danışmış, bu kimi müsabiqələrin gələcəkdə innovativ sahələrə investisiya qoyuluşlarının təşviq edilməsinə, elmi nailiyyətlərin və innovasiyaların müxtəlif sahələrdə tətbiqi imkanlarına, habelə milli innovasiya sisteminin təkmilləşdirilməsinə verəcəyi töhfəni tədbir iştirakçılarının diqqətinə çatdırmışdırlar.
Qeyd olunan iclas zamanı 17 layihənin təqdimatı tədbir iştirakçılarına nümayiş olunmuş və Komissiya üzvləri tərəfindən müsabiqənin qalibləri müəyyən olunmuşdur. Cari ilin dekabr ayında təltif mərasiminin keçirilməsi və qaliblərin elan olunması nəzərdə tutulmuşdur.
22 Noyabr 2018