Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumunun 2-ci günündə iqlim maliyyəsi və “yaşıl” inkişaf, biomüxtəlifliyə investisiya yatırılması və Azərbaycanda investisiya imkanları mövzularında sessiyalar keçirilib.
Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu bir neçə mövzuda sessiyalarla davam edib. Forumun 2-ci günündə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün iqlim maliyyəsi və “yaşıl” inkişaf mövzusunda sessiya keçirilib. Tədbirdə bir sıra xarici ölkələrin qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Sessiyada mövzu üzrə əsas məruzəçi - ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakı, ölkəmizdə “yaşıl” inkişaf məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, təmiz ətraf mühit və “yaşıl” artımın təmin olunması məqsədilə bərpa olunan enerji mənbələrindən və səmərəli enerji texnologiyalarından istifadənin artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu sahədə ölkəmizin beynəlxalq təşkilatlar və maliyyə qurumları, eləcə də xarici şirkətlərlə uğurlu əməkdaşlığı genişləndirilir.
Forum çərçivəsində “Biomüxtəliflik investisiyaları çərçivəsi: gündəlikdən fəaliyyətə” mövzusunda sessiyada biomüxtəlifliyə sərmayə qoyuluşu, təbiətə əsaslanan həllər, dünyada bu sahədə mövcud təcrübələr barədə məlumat verilib, təbii yaşayış mühitlərinin qorunması və bərpası üçün davamlı maliyyə ayrılmasının, eləcə də davamlı təcrübələrin təşviqinin önəmi qeyd olunub.
“İnvestorlar üçün interaktiv sessiyalar: Azərbaycan Respublikasında investisiya imkanları” mövzusunda sessiyada isə ölkəmizdə xarici investisiyaların cəlbi istiqamətində həyata keçirilən tədbirlər, sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verilib.
Sessiyalarda bərpa olunan enerji, dekarbonlaşdırma siyasəti, "yaşıl enerji"yə yatırılan investisiyalar, biomüxtəlifliyin qorunması üçün effektiv maliyyə resurslarının təmin edilməsi, “yaşıl” maliyyə alətlərinin tətbiqi və s. mövzular üzrə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.