İyunun 28-də Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib.
Tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov milli prioritetlərin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılması, 2019-cu ildə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunacaq Könüllü Milli Hesabatın hazırlanması, Fəlakət Risklərinin Azaldılması üzrə Sendai Çərçivə Sənədindən irəli gələn hədəflərə nail olunması (2015-2030) və digər məsələlərin müzakirə edilməsinin vacibliyini diqqətə çatdırıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu ilin oktyabrında Dayanıqlı İnkişafa dair Bakı Forumunun təşkil olunacağını qeyd edib. Tədbir çərçivəsində “İnteqrasiya, sürətləndirmə və siyasətə dəstək” missiyasının nəticələrinə dair Bakı Bəyannaməsinin qəbul olunması və Azərbaycan Hökuməti ilə BMT Avropa İqtisadi Komissiyası tərəfindən əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılması sahəsində görülən işlər barədə məlumat verib.
Tədbirdə Fəlakət Risklərinin Azaldılması üzrə Sendai Çərçivə Sənədindən irəli gələn hədəflərin milli səviyyədə həyata keçirilməsi, habelə fəlakət risklərinin azaldılması üzrə milli strategiyanın hazırlanması məsələləri barədə fikir mübadiləsi aparılıb və bu sənəd üzrə ümumi əlaqələndirmənin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən həyata keçirilməsi qərara alınıb.
İclasda Dayanıqlı İnkişafa dair Bakı Forumunun təşkili məqsədilə İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə işçi qrupunun yaradılması, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının hazırlanması qərara alınıb.
28 İyun 2018